HUN İMPERİYALARI VƏ SONRAKI TÜRK DÖVLƏTLƏRİ
25
Pazırık kurqanında aşkar olunmuş bu əşyaların böyük hissəsi sak dövrü ilə, bir hissəsi isə hun incəsənəti ilə bağlıdır. Əşyalar arasında xalça, parça, rəngbərəng keçə, aplikasiya, həmçinin üzərində heyvan və bitki təsvirləri olan toxuculuq məmulatlarının nümunələri vardır. Pazırık kurqanında tapılmış yəhər, qarınaltı tapqır və digər at qoşqusu ləvazimatları tam olaraq hunların orijinal sənətini xatırladır. Qoşqu əşyalarında və atların qulaqlarında qədim türk damğaları vardır.
E.ə. Il-b.e. IV əsrləri arasında usunlar qüdrətli dövlət yaratmışlar. Lap əvvəl usunlar indiki Qansu bölgəsində, həmçinin Sinlən-Şan dağlarının şərq tərəfi ilə Dunxuan (Qərbi Çin) arasındakı ərazilərdə məskunlaşmışlar. Sonralar onların dövlətlərinin sərhədləri Şərqi Türküstanın (müasir Çin Xalq Respublikasının (ÇXR) Sincan-Uyğur Muxtar Rayonu (SUMR)) şimal hissəsini, Yeddisu və Mərkəzi Tanrı dağını da əhatə edirdi.
İlk dəfə “usun” adına Çin tarixçisi Sıma-Syanın əsərlərində rast gəlinir. Tarixi salnamələrdə göstərilir ki, usunlar 120 min “dım”, 630 min əhali və 188 minlik qoşuna malik idilər. Onların hökmdarları “qunmo” (künbiy) titulu daşıyırdı. Paytaxtları İssık-Kul gölü sahilində yerləşən Çuquçen (Qırmızı vadi) şəhəri idi. Dövlət üç hissəyə -şərq, qərb və mərkəzi hissələrə bölünürdü. Usunlar Hunnu, Kanqlı və Yueci kimi qonşu xalqlarla, həmçinin Çin Xan dövləti ilə siyasi və diplomatik əlaqələr saxlayırdılar.
Usunlar Şu çayı və İssıkgölün ətraflarında, həmçinin Tarim vadisində əsasən heyvandarlıqla (at, dəvə, inək, qoyun və keçilərin yetişdirilməsi) və əkinçiliklə məşğul olurdular. Adı çəkilən ərazilərdə arxeoloqlar oturaq həyat keçirən usunların yaşayış məskənlərini aşkar etmişlər. Yeddisu ərazisində yerləşən Ötükən, Tayqak, Karlak və Altın Emel kurqanlarında, həmçinin İssıkgölün ətraflarındakı Çelpek və Çerqes kurqanlarında çoxlu sayda qab-qacaq və müxtəlif silahlar tapılmışdır.
Qədim Usunlar dövləti süquta uğradıqdan sonra onun tərkibində olan qəbilə və tayfalar Göytürk və Qərbi-Türk xaqanlıqlarına daxil olmuşlar. Gələcəkdə isə onlar Türkeş dövlətini yaratmış, Qaraxanlı və Moğolustan dövlətlərinin etnik əsasını təşkil etmişlər. Tədqiqatçılar qazaxların və bir sıra başqa türk xalqlarının tərkibində olan “uysun” adlı nəsillərə qədim usunların tarixi davamçıları kimi baxırlar.