26
HUN İMPERİYALARI VƏ SONRAKI TÜRK DÖVLƏTLƏRİ
Mərkəzi Asiyanın ən qədim xalqlarından biri olan qırğızların tarixi e.ə. III. əsrdən başlayır. Qədim qırğızlar və Qırğız xaqanlığı ortaq türk tarixinin bir parçasıdır.
“Qırğız” adı ilk dəfə e.ə. III əsrin sonunda “Şi-tzi” (“Tarixi yazılar”) adlı Çin əsərində, qırğız tayfalarının hunlar tərəfindən tabe edilməsi ilə bağlı çəkilir. Hun dövlətinin tərkibində olarkən qırğızlar kompakt şəkildə yaşamaqda davam etmiş, eyni zamanda qədim hunların dövlətçilik ənənələrini mənimsəyərək öz dövlətçiliklərinin əsaslarını qoruyub saxlaya bilmişlər. Bu zaman qırğızlar şərqi Tanrı dağdan və Boro-Horo dağ silsiləsindən şimalda və indiki Urumçi şəhərindən qərbdəki ərazidə məskunlaşmışdılar.
Kanqlı, yaxud Kanqha dövləti adlandırılan bu dövlət e.ə. II əsrdən b.e. III əsrinə qədər mövcud olmuşdur. Onun ərazisi Sırdəryanın (Seyhun) orta axınının hövzəsini və Qərbi Yeddisu bölgəsini (Cənubi Qazaxıstan) əhatə edirdi. Bu dövlət həm də Kanq, yaxud Kanquy kimi də tanınır. Mərkəzi Asiyanın oturaq və köçəri tayfalarını birləşdirən Kanquy dövləti Qərbi Yeddisu, Orta Sırdərya, Çaç (Daşkənd), Xarəzm, Soqd kimi beş bölgəni əhatə edirdi.
Hun imperatoru Çi-çi Kanquy hökmdarı ilə müttəfiq olaraq Çinin Xan sülaləsinə qarşı mübarizə aparmışdı. Kanquy dövləti dövründə Sırdərya hövzəsindən İssıkgölə qədər olan min kilometrə yaxın ərazidə Mərkəzi Asiyadakı onlarla erkən şəhərin təməli qoyulmuşdur. Yesi (Otrar), Kanka (Daşkənd vahəsi), İsficab (Sayram), Taraz kimi şəhərlər İpək yolunun şimal xəttində ən qabaqcıl mədəniyyət və ticarət mərkəzlərinə çevrilmişdi. Kanquy hökmdarları Çaç (Daşkənd) vahəsində bürünc pullar zərb etdirmişdilər.