38
TÜRK XAQANLIQLARI
Bu dövlət 552-744-cü illərdə mövcud olmuş ilk Mərkəzi Avrasiya imperiyası kimi məlumdur. Dövlətin əsası 552-ci ildə Altay dağlarının cənub-qərb ətəklərində köçəri həyat sürən Aşina türk tayfasından olan Bumın və İstəmi qardaşları tərəfindən qoyulmuşdu. Göytürk hökmdarları xaqan titulu daşıyırdı. Dövlətin sərhədləri Uzaq Şərqdən Qara dənizin şimal sahillərinə, Cənubi Sibirdən Xorasana və Şimali Hindistana qədər uzanırdı. İmperiya Çin, Bizans və Sasanilərlə nüfuz dairələri uğrunda mübarizə aparırdı.
Onlarla Mərkəzi Asiya tayfası ilə bərabər, Şərqi Türküstan, Amudərya və Sırdərya hövzəsi, Xorasan və Şimali Hindistanda yerləşən iyirmidən çox vahə dövlətləri Göytürk xaqanlığının hakimiyyəti altında idi. Ötükən bölgəsi (indiki Monqolustan), həmçinin, Suyab və Taraz (Yeddisu), Cabqukənd və Xatunkənd (Daşkənd), Ağ-Tağ və Beşbalıq (Şərqi Türküstan) şəhərləri əsas inzibati mərkəzlər sayılırdı.
Göytürk imperiyası Asiya Hun imperiyasından sonra Mərkəzi Asiyada yaranmış ikinci böyük türk dövləti olub. Türk adının tarixdə ilk dəfə dövlət adı kimi işlənməsi məhz bu dövrə təsadüf edir.
VII əsrə aid mənbələrə görə, İdil (Volqa) və Xorasandan Çinə qədər uzanan geniş ərazilər üçün Türküstan adı Göytürk xaqanlığı dövründə istifadə olunmağa başlamışdı. Başqa sözlə, Göytürk xaqanlığı dövründə Mərkəzi Asiya və ətrafları bu adla tanınırdı.
Göytürk xaqanlığının Bumın, Muğan xaqan, İstəmi yabqu, İltəris Qutluq xaqan, Qapağan xaqan və Bilgə xaqan kimi məşhur və qüdrətli hökmdarları olub. Muğan xaqanın və İstəmi yabqunun hakimiyyətdə olduğu dövr xaqanlığın ən qüdrətli çağları idi. 682-725-ci illərdə üç xaqana ayquçı (baş vəzir) olmuş Tonyukuk, ordu başçısı şahzadə Kül tigin (731-ci ildə vəfat etmişdir) və bir sıra başqa görkəmli şəxsiyyətlər dövlətin yüksəlişində böyük xidmətlər göstərmişdilər.
Xaqanlıq mərkəzi Ötükən (Orxon vadisi, Monqolustan) olan Şərqi Göytürk xaqanlığı və mərkəzi