46
TÜRK XAQANLIQLARI
Qərb Göytürklərindən asılı vəziyyətdə olmuş vahə dövlətləri üzərində dəfələrlə siyasi nüfuzunu saxlamışdı. Türkeş hökmdarları üzərində soqdi yazısı ilə Qüdrətli Türkeş xaqan yazılmış tunc pullar zərb etdirmişdilər.
Türkeş xaqanlığı dəfələrlə çinlilərə və ərəblərə qarşı müharibələr aparmış və qələbə çalmışdı. Türkeşlərin müttəfiqi Qırğız xaqanlığı idi.
Ərəblərlə çinlilər arasındakı Talas döyüşündə (751-ci il) türk-qarluqların ərəblərə köməyi nəticəsində Çin qoşunları darmadağın olmuşdu. Bu hadisədən sonra islam Mərkəzi Asiyada geniş yayılmağa başladı. Talas döyüşündə əldə olunan qələbə Mərkəzi Asiyada çinlilərin nüfuzunu zəiflətdi. Xorasanda və Mavəraünnəhrdə yaşayan türk tayfaları islamı ilk qəbul edənlərdən olmuş, bundan sonra bu din Xəzər xaqanlığının və Volqa Bulqarlarının ərazilərindəki türklər arasında da sürətlə yayılmağa başlamışdı.
Qədim türk etnoslarından olan uyğurların əsasını qoyduğu Uyğur xaqanlığı Şərqi Göytürk xaqanlığının varisi idi. VIII-IX əsrlərdə mövcud olmuş xaqanlığın siyasi mərkəzi Ötükən düzənliyində yerləşən Ordu şəhəri idi.