52
TÜRK XAQANLIQLARI
Kimak dövləti IX-X əsrlərdə Qərbi Altay və Balxaş gölünün şimal-şərqində yaşayan kimak türkləri tərəfindən qurulmuşdu. Bu dövlət cənubda və cənub-qərbdə Qarluq və Oğuz yabquluqları ilə, şimal-şərqdə isə Qırğız xaqanlığı ilə həmsərhəd idi. Bu dövrdə Mərkəzi Asiyanın adıçəkilən bölgələrində şəhər həyatı canlanmış, İpək yolunun Altay və Sibirə gedən xəttində beynəlxalq ticarət, xüsusilə xəz ticarəti canlanmışdı.
Kimak türkləri də Göytürk xaqanlığına xas olan qədim türk dövlətçilik ənənələrini davam etdirmişdilər. Bu tarixi dövrdə Sibirə və Uzaq Şərqə yollanan müsəlman tacirlər kimakların ölkəsindən keçirdilər. Ticarət karvanları ilə şimal ölkələrinə səyahət edən ərəb və fars coğrafiyaçıları kimaklar haqqında çoxlu məlumatlar qoyub getmişlər. Bu məlumatlara görə, soyuq və sərt iqlim şəraitində yaşamalarına baxmayaraq, kimaklar yüksək mədəniyyətə malik olmuş, şəhər və kəndlər salmışdılar.
Qıpçaq dövləti isə XI-XIII əsrlərdə Avrasiya çöllərinin müəyyən bir hissəsini, yəni indiki Qazaxıstanın ətraf və çöl ərazilərini əhatə edirdi. Kimak xaqanlığı zəiflədikdən sonra qıpçaqlar onun ərazisində hakimiyyəti ələ keçirdilər. Sonralar, XI əsrin 2-ci rübündən başlayaraq, onlar Aral və Xəzər dənizləri arasındakı oğuzların yerini tutdular. Mefedet el-Quzz (Oğuz çölü) termini əvəzinə Dəşti-Qıpçaq (Qıpçaq çölü) termini işlənməyə başladı. XI əsrin ortalarına doğru çoxsaylı qıpçaq tayfaları İdil (Volqa) çayını keçib qərbə doğru hərəkət etdilər. Bundan sonra onlar Bizans və Bolqarıstan ərazisinə hücum edərək 1071- 1080-ci illərdə Dunay çayının sahillərinə çatdılar.
Bəzi qıpçaq tayfaları digər türk tayfaları ilə birlikdə Kiçik Asiyaya yayılmağa başladılar.
Beləliklə, XI-XII əsrlərdə Altay dağlarından Karpat dağlarına və Dunay çayına qədər uzanan minlərlə kilometrlik ərazidə yaşayan tayfalar Qıpçaq adlandırıldılar. Bununla belə, bu geniş məkanda yalnız bir mərkəzləşmiş dövlət deyil, bir neçə qıpçaq xanlığı vardı. Qıpçaq xanlıqları arasında ən nüfuzlusu İl-Börili sülaləsi idi. Bu sülaləyə mənsub olan hökmdarlardan Abar xanın adı tarixi əsərlərdə çəkilir.
XI əsrin sonuna doğru qıpçaqlar, əvvəllər olduğu kimi, Manqışlaqda və Xəzər dənizinin şərq sahilində hökmranlıq edirdilər. 1096-cı ildə, çox güman ki, İl-Börili sülaləsi tərəfindən idarə olunan Qıpçaq Birliyi Uluq xanın başçılığı altında Xarəzmə