68
İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
Əhməd Yasəvi
Xoca Əhməd Yasəvi XII əsrdə yaşamış türk mütəfəkkiridir. O, xalq arasında daha çox Həzrəti Sultan adı ilə tanınmışdır. Əhməd Buxarada böyük islam alimi Yusif Həmədanidən dərs almışdır. Onun “Divani Hikmət” (“Müdriklik divanı”) əsəri türk dilində yazılmışdır. Əsər cəmiyyəti mənəviyyata və ədalətə çağırır.
XIV əsrdə Əmir Teymurun əmri ilə Xoca Əhməd Yasəvinin dəfn olunduğu Yassı (bugünkü Türküstan) şəhərində böyük məqbərə kompleksi tikilmişdir.
Sevməyirlər alimlər sizin türkcə dilini,
Müdriklərdən dinləsən, açar könül əlini.
Ayət, hədis anlamı türkcə olsa, anlarlar,
Anlamını bilənlər baş endirib uyarlar.
Miskin qul Xoca Əhməd, yeddi atana rəhmət,
Fars dilini bilsə də, sevib söylər türkcəni.
Əhməd Yasəvi. “Divani Hikmət”
Sufilik nədir? Əhməd Yasəvinin sufi görüşlərini öyrənin.
İlk türk-müsəlman dövlətlərindən biri IX-X yüzilliklərdə Azərbaycanda mövcud olmuş Sacilər (Sacoğulları) dövləti idi. Dövlətin qurucusu Məhəmməd Sacoğlu olmuşdur. İlk əvvəl Sacilər ərəb xilafətinin bu ərazilərdəki valisi vəzifəsini yerinə yetirirdilər.
Sacilər dövlətinin paytaxtı əvvəl Marağa, sonra Ərdəbil şəhəri olmuşdu. Sacoğulları sülaləsinin ən məşhur hökmdarlarından biri Yusif Sacoğlu idi. Sülalənin hökmdarlarının adına zərb olunan pullar göstərir ki, onların dövründə Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf etmişdir.
Yusif Sacoğlunun öz adından pul zərb etdirməsi, torpaqlarının sərhədlərini genişləndirərək paytaxtı Ərdəbil şəhərinə köçürməsi göstərir ki, Sacilər öz hakimiyyətlərini Azərbaycanda möhkəmləndirərək müstəqil hərəkət edirdilər. Bu türk dövləti həm də Şərqi Anadolunun xeyli hissəsində hakim mövqe tuturdu. Yusif Sacoğlunun öz ərazisində qızıl pullar zərb etmək imkanına malik olması, Sacilərin iqtisadi qüdrətindən xəbər verir.