70
İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
Volqaboyu türk tayfa başçılarının sıx diplomatik əlaqələri sayəsində IX-XIII əsrlərdə Volqa (İdil) çayının orta hövzəsi ərazisində mərkəzi Bulqar şəhəri olmaqla ilk müsəlman türk dövlətlərindən biri - Volqa Bulqar dövləti mövcud olmuşdur.
Qədim türk dilində bulqar sözünün mənası “qarışıq” deməkdir. Bulqar xalqı Kutriqur və Utriqur tayfalarının Şərqi Avropadan geri qayıdan hunlarla qarışığından formalaşmışdır. İlk əvvəl Göytürk xaqanlığının hakimiyyəti altında yaşayan bulqarlar xaqanlığın zəifləməsindən sonra, VII əsrdə Böyük Bulqar dövlətini yaratdılar, lakin bir az sonra bu dövlətin varlığına qonşuluqda yerləşən Xəzər xaqanlığı tərəfindən son qoyuldu. Bulqarların Asparux xanın tabeliyində olan hissəsi Dunaya tərəf üz tutaraq Balkanlara gəlib çıxdılar və burada VII əsrin 70-ci illərində Dunay bulqarlarının dövləti yarandı. Sonralar onlar yerli slavyanlarla qaynayıb-qarışdılar. 864-cü ildə Boris xan pravoslav məzhəbini qəbul etdi və bulqarlar xristian oldular. Balkanlarda yaşayan bugünkü bolqarlar qismən onların nəslindəndirlər.
Bulqarların o biri hissəsi Volqa və Kama çaylarının qovuşduğu bölgədə məskunlaşdı. Volqa bulqarları burada yerli fin-uqor və bəzi türk tayfalarını öz nəzarətləri altına alaraq vahid dövlət yaratdılar.
Bulqar tacirlərinin Samani və Xarəzm dövlətlərindən olan müsəlman tacirlərlə sıx əlaqələri sayəsində Volqa Bulqar dövlətində islam dini və müsəlman mədəniyyəti yayılmağa başladı.
920-ci ildə Almış xan Abbasilər xəlifəsindən xahiş etdi ki, onun ölkəsinə islam alim-ilahiyyatçıları və memarlar göndərsin. Bağdaddan göndərilən heyət 922-ci ildə gəlib Bulqar dövlətinə çatdı.
Xəzər xaqanlığının 965-ci ildə dağılmasından əvvəl bulqarlar bu dövlətdən asılı vəziyyətdə idilər. Xəzər xaqanlığının dağılması bulqarlara müstəqillik verdi. Monqollar Kalka çayı sahilində rusları darmadağın edib şərqə qayıdan zaman bulqarların tələsinə düşüb ağır itkilər verdilər. Bu, monqol baş komandanı Batı xanın 1236-cı ildə bulqarların üzərinə hərbi yürüş etməsinə səbəb oldu. Lakin Batı xan Dəşti-Qıpçaq torpaqlarında Qızıl Ordunu yaratdığı dövrdə bulqarlar öz müstəqilliklərini müəyyən dərəcədə qoruyub saxlaya bildilər.