İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
83
Xarəzm bölgəsi ədəbiyyat, elm və incəsənət baxımından türk dünyası tarixində önəmli yer tutur. Xarəzm mədəniyyəti mühitində yetişən Mahmud Zəmahşarinin (1074-1143) əxlaq, dil və fəlsəfəyə dair əsərləri, Süleyman Bakırqaninin (Həkim Ata) “Bakırqan kitabı” (XII əsr), Bürhanəddin Rabğuzinin “Qısas əl-ənbiyə-i Rabğuzi” (1301-ci il) əsərləri çox məşhurdur. Bu əsərlərin müəllifləri Xarəzmin mədəni mühitinə mənsub idilər. Xüsusilə, Bakırqani və Rabğuzinin adıçəkilən kitabları Xarəzm türkcəsində yazılmış ədəbi əsərlər olaraq Mərkəzi Asiya və İdil-Ural türkləri arasında geniş yayılmışdı.
Oğuz və qıpçaq ləhcələrinin elementlərini özündə daşıyan Xarəzm türkcəsi ədəbi dil kimi Dəşti-Qıpçaqda yayılmışdı. Xarəzm şairləri Qızıl Ordu ədəbiyyatının inkişafına böyük töhfə vermişdilər.
Oğuz və Qarluq yabquluqlarının əhalisi, əsasən, türklərdən və qismən də soqdilərdən ibarət idi. Sırdəryanın orta hövzələrindən İssıkgölə qədər olan şəhərlərdə müxtəlif ölkələrdən gəlmiş tacirlər onlarla birlikdə yaşayırdılar. Mahmud Qaşqarlının yazdığına görə, “İsficabdan (Sayram) Balasaquna qədər olan şəhər və qəsəbələrdə türklərlə soqdilər birlikdə yaşamış, soqdilər həm türk, həm də soqdi dilində danışmışdılar”. Kimak dövlətinin ərazisində isə kimak və qıpçaq kimi köçəri türk tayfaları çoxluq təşkil etmişdir.
Qaraxanlı dövləti ərazisində fərqli etnik qruplara mənsub insanlar bir arada yaşamışdılar. Dövlətin Taraz, Balasaqun, Barsqan, Qaşqar kimi şəhərlərində şəhərli türk (qarluq, arqu və çigillərdən ibarət) və soqdilər, onların ətrafındakı yaylaqlarda isə çigil, qarluq, yağma, uyğur kimi türk tayfaları və etnosları yaşayırdı. Üzkənd, Fərqanə, Səmərqənd və Buxara şəhərlərində isə müsəlman əhali artıq fars mədəniyyətini qəbul etmiş soqdilərin törəmələri və yerli türklərdən ibarət idi. Həmin vaxt bir