90
TÜRK-MONQOL DÖVLƏTLƏRİ
göndərdiyi 450 nəfər və 500 dəvədən ibarət olan ticarət karvanı Otrar şəhərinə girən zaman şəhərin hakimi Kair xan xarəzmşahla əlbir olaraq karvanı əsir almış və tacirləri öldürmüşdü.
Monqollar 1219-cu ildən başlayaraq, Xarəzmşahların əsas şəhərləri olan Otrar, Səmərqənd, Buxara və Ürgənci ələ keçirib, 1219-1224-cü illərdə bütün Mərkəzi Asiyanı nəzarət altına almışdılar. Bu hərbi uğurlardan sonra Çingiz xan tabeliyində olan torpaqları dörd oğlu arasında bölüşdürmüşdü. Şərqdə İrtış çayından başlayaraq, qərb tərəfi Avropaya qədər uzanan “at dırnağı dəyən bütün torpaqlar” onun böyük oğlu Cucinin payı olmuşdu. İkinci oğlu Cığataya Şərqi Türküstan (indiki ÇXR-in SUMR-u), Yeddisu, indiki Cənubi Qazaxıstan torpaqları, həmçinin Mavəraünnəhr və Xorasanı, üçüncü oğlu Ugedeyə Qərbi Monqolustan, Altaylar, Tarbaqatay və İrtış çayının yuxarı hövzəsindəki torpaqlar, dördüncü oğlu Tuluya isə Monqolustanı vermişdi.
Çingiz xanın Xubilay və Hülakü adlı nəvələrinin hərbi yürüşləri nəticəsində Çin, İran, Azərbaycan, Cənubi Qafqaz, İraq torpaqları da yeni yaranmış monqol Elxanilər dövlətinə qatılmışdı. Beləliklə, Çingiz xan və onun törəmələri tərəfindən əldə edilmiş torpaqlarda sonralar tarixdə Qızıl Ordu dövləti, Cığatay dövləti, Monqolustan xanlığı, Elxanilər dövləti və Xubilay xanlığı (Yuan imperiyası) kimi uluslar-dövlətlər yaranmışdı.
Tarixdə Uluq Ulus (“Böyük dövlət”) kimi tanınan bu imperiya 1240-cı illərdə Çingiz xanın böyük oğlu Cucinin Ulusu əsasında Monqol imperiyasının qərb hissəsində yaranmışdı. Onun əraziləri Şərqi Avropa, Şimali Qafqaz, Cənubi Rusiya bölgələri və Dəşti-Qıpçaqı əhatə edirdi. Ən qüdrətli dövründə Qızıl Ordu dövləti öz hakimiyyətini Şərqi Avropada Dnepr çayının sağ sahillərindən Ural dağlarına və Sibirə qədər yaymışdı. Qızıl Ordunun sərhədləri cənubda Qara dəniz, Qafqaz dağları və Elxanilər dövlətinin hakimiyyəti altında olan Azərbaycana çatmışdı. Bulqar (Qazan), Saray-Batı (indiki Həştərxan yaxınlığı) və Saray-Bərkə (indiki Volqoqradətrafı) şəhərləri Qızıl Ordu dövlətinin inzibati mərkəzləri olmuşdur.
Cucinin böyük oğlu Batı xanın (1227-1256) Şərqi Avropaya uğurlu hərbi yürüşləri sayəsində dövlətin ərazisi genişlənmişdi. Şərqi Avropa dövlətləri və rus knyazlıqları Qızıl Ordudan asılılıqlarını qəbul edərək xərac verməli olmuşdular.