96
TÜRK-MONQOL DÖVLƏTLƏRİ
XIII-XIV əsrlərdə hökm sürmüş və ilk vaxtlar Çingiz xan imperiyasının bir hissəsi olmuş bu dövlətin mərkəzi torpaqlarını tarixi Azərbaycan ərazisi təşkil edirdi, paytaxtı isə Təbriz şəhəri idi. Bu dövlət Çingiz xanın nəvəsi (Tuluyun oğlu) Hülakü (1256-1265) tərəfindən qurulmuşdu və Hülakü xanın daşıdığı elxan (ilhan) titulu ilə bağlı olaraq Elxanilər dövləti adlanırdı.
1256-cı ildə Azərbaycanın bütün tarixi ərazilərini tutan monqollar 1258-ci ildə Bağdadı ələ keçirmiş və bununla Abbasilər xilafətinin varlığına son qoymuşdular. Elxanilər Suriya və Fələstini işğal etdikdən sonra Misirə doğru irəliləməyə başlamışdılar.
Beləliklə, Elxanilər dövləti imperiyaya çevrilmişdir. İmperiyanın mərkəzi tarixi Azərbaycan idi. İran, İraq, Kiçik Asiya və Cənubi Qafqaz bu dövlətin hakimiyyəti altında, yaxud nüfuz dairəsində olmuşdur. Bu dövrdə əhalisinin əsas hissəsi Oğuz türklərindən ibarət olan dövlətin tərkibinə Çingiz xanın nəsilləri ilə bərabər, bir çox türk-monqol tayfaları da daxil olmuşdur.
Lakin Oğuz mədəniyyəti öz nüfuzunu qoruyub-saxlamış, nəticədə, bu tayfaların tədricən assimilyasiyasına gətirib çıxarmışdır. Elxanilər dövlətinin rəsmi dili türk, monqol və fars dilləri olmuşdur.
Qazan (Mahmud) xanın (1295-1304) hakimiyyəti dövründə Elxanilər islam dinini qəbul etmişdilər. Bundan əvvəl Elxani hökmdarları Tibet buddizmi və nestorianlığın (xristianlıqda təriqət) yayılmasına dəstək vermişdilər. XIV əsrin əvvəllərində baş vermiş daxili çəkişmələr nəticəsində Elxanilər dövləti parçalanmağa başlamış, 1335-ci ildə Əbu Səid Bahadırın (1316-1335) ölümündən sonra bu proses xüsusilə sürətlənmişdir.