Heydər Əliyev, Azərbaycan SSR-in yeni
Konstitusiyası, Yevlax-Balakən dəmir yolu,
Bakı Dərin Özüllər zavodu
H
üquqi dövlət quruculuğu, iqtisadi inkişaf,
xalqın maddi rifahının yaxşılaşması
baxımından XX əsrin 70–80-ci illəri
Azərbaycanın çox zəngin tarixi dövrüdür.
Bu dövrdəki inkişafı, ölkədə aparılan dəyişiklikləri,
təbii ki, Heydər Əliyevsiz təsəvvür
etmək mümkün deyildir.
“Qoy ədalət zəfər çalsın”. Azərbaycan KP
Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də
keçirilən Plenumu Azərbaycan üçün böyük
tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisə
idi. Plenumda Heydər Əliyev Azərbaycan KP
MK-nın Birinci katibi seçildi.
Heydər Əliyev qısa müddət ərzində respublikada
idarəçilik sistemini xeyli möhkəmləndirdi.
Sosialist cəmiyyətində vəzifədən suiistifadə,
korrupsiya kimi mənfi halların
olduğunu, onların aradan qaldırılmasının
vacibliyini sovet hakimiyyəti tarixində ilk
dəfə cəsarətlə elan etdi və bu hallara qarşı
qəti mübarizəyə başladı.
Tezliklə SSRİ rəhbərliyində böyük nüfuz qazanan
Heydər Əliyev 1976-cı ildə Sov.İKP MK
Siyasi Bürosunun üzvlüyünə namizəd seçildi
və Azərbaycanın inkişafı naminə bu vəzifənin
verdiyi imkanlardan məharətlə istifadə
etdi.