Bütün gəlirli sahələrin xaricilərə icarəyə verilməsi,
hətta dövlət vəzifələrinin də əcnəbilərə
həvalə olunması yeni yaranan burjuaziyanı
qıcıqlandırırdı.
Qacarlar dövlətinin müxtəlif yerlərində yaranan
gizli cəmiyyətlər ölkədə şah idarəçiliyinin
dəyişməsini, ədalətli idarə üsulunun,
qanunverici orqanın yaradılmasını arzulayır,
müxtəlif tələblər irəli sürürdü. Xalq kütlələrinin
rəğbətini qazanmağa çalışan ruhanilərin
mütərəqqi təbəqəsi də bu işdə fəal
rol oynayırdı. Cənubi Azərbaycanın Təbriz,
Zəncan, Ərdəbil şəhərləri narazılıq mərkəzinə
çevrilmişdi.
Bu dövrdə Cənubi Azərbaycanda demokratik
fikrin yayılmasında, milli siyasi şüurun
oyanmasında, xarici imperializmə və yerli
feodal zülmünə qarşı mübarizənin güclənməsində
bir sıra başqa amillərin də böyük
təsiri var idi. Belə ki 1904-cü ilin dekabrında
Bakıda baş verən və qələbə ilə nəticələnən
fəhlə tətilləri, Rusiyada 1905–1907-ci illərdə
olan burjua-demokratik inqilabı Cənubi
Azərbaycanın da siyasi mühitinə təsir
göstərməklə orada həyəcan və çıxışların
güclənməsinə, inqilabi hərəkatın başlanmasına
təkan verdi.
XX əsrin əvvəllərində Şimali Azərbaycan və
Cənubi Azərbaycan əhalisinin vəziyyətini
müqayisə edin.