Millətçilərin Tayvanda Çin Respublikası adlanan dövlət
yaratmasına yardım etdi. Bir müddət BMT-də Çini bu dövlət təmsil
etdi. SSRİ Çin Xalq Respublikasına iqtisadi, hərbi və texniki
yardım göndərirdi. Çin və SSRİ arasında hücuma məruz qaldıqları
təqdirdə bir-birlərinə kömək edəcəkləri haqqında saziş imzalandı.
KOMMUNİSTLƏRİN İSLAHATLARI
Yaponiyaya qarşı illərlə davam edən müharibə, eləcə də vətəndaş
müharibəsi ölkədə böyük dağıntılara səbəb olmuşdu. Ona görə də
kommunistlər islahatlar keçirməyə başladılar. Onların lideri Mao
Tszedun sosializmə əsaslanaraq Çin iqtisadiyyatını yenidən qurmaq
istəyirdi. Əhalinin yüzdə səksənini torpaqsız kəndlilər təşkil
edirdi. Ona görə də 1950-ci illərdə keçirilən aqrar islahat
nəticəsində böyük torpaq sahiblərinin mülkləri əllərindən alındı.
Müqavimət göstərən bir milyondan çox sahibkar öldürüldü. Topraqlar
kəndlilər arasında bölüşdürüldü. Daha sonra hökumət kəndliləri
kollektiv təsərrüfatlarda birləşməyə məcbur etdi. Sənaye sahəsində
də islahatlar keçirildi. Özəl şirkətlər tədricən milliləşdirildi
və dövlət mülkiyyətinə verildi. Sənaye məhsullarının yüksək
artımını təmin etmək üçün beşillik plan tətbiq edildi.
1950-ci illərdə Çində iqtisadi sahədə həyata keçirilən
tədbirlərə aid cədvəli tamamlayın.