yanaşırdı. Almaniyanın gələcəyinin müəyyən edilməsi məsələsində
tərəflər arasında fikir ayrılıqları yaranmışdı. İkinci dünya
müharibəsi dövründə faşist blokuna qarşı yaranmış Böyük İttifaqın
son ortaq addımı 1947-ci ildə Almaniya və müttəfiqləri ilə sülh
müqavilələri bağlamaq üçün keçirilən konfrans oldu. Beləliklə,
Qərbi Avropada 1937-ci ilə qədərki sərhədlər, əsasən, bərpa
edildi. Şərqi Avropada isə SSRİ 1939-1940-cı illərdə işğal etdiyi
əraziləri əlində saxladı.
Xatırlayın: SSRİ 1939-1940-cı illərdə Şərqi Avropada bəzi
əraziləri hansı müqavilə nəticəsində işğal etmişdi? Bu ərazilər
hansılar idi?
BÖYÜK İTTİFAQIN DAĞILMASI
1946-1947-ci illərdə SSRİ-nin Şərqi Avropada təsirini artırması
ABŞ və Qərbi Avropa ölkələrini narahat etməyə başladı. ABŞ buna
qarşı iki strategiya həyata keçirmək qərarına gəldi. Prezident
H.Trumen Avropa dövlətlərinə hərbi yardım edilməsini təklif etdi.
Bu “sədçəkmə” siyasəti adlanırdı. Digər strateji addım isə
ABŞ-nin dövlət katibi Corc Marşallın Avropa ölkələrinə iqtisadi
yardım təklifi idi. Qərbi Avropa ölkələri bu təklifi qəbul etsələr
də, SSRİ və onun təzyiqi ilə Şərqi Avropa ölkələri bundan imtina
etdi. Beləliklə, Böyük İttifaq dağıldı. Dünyanın, əsasən, iki
bloka bölünməsi qətiləşdi.
Xəritə əsasında “Soyuq müharibə” dövründə dünyanın siyasi
vəziyyətini təhlil edin.