DÜNYA ÖLKƏLƏRİ XIX YÜZİLLİK–XX YÜZİLLİYİN ƏVVƏLLƏRİNDƏ
HİNDİSTAN, ÇİN VƏ YAPONİYA
Sipahilər üsyanı, Hindistan Milli Konqresi, Tiryək müharibələri,
Taypinlər hərəkatı,
Sun Yatsen, Syoqun
HİNDİSTAN
XVIII yüzillikdən etibarən Hindistanın işğalına başlayan Böyük
Britaniya bu siyasəti davam etdirirdi. XIX yüzilliyin I yarısında
Maratx konfederasiyasının əraziləri və Pəncab ələ keçirildi.
1856-cı ildə ingilislər asılı olan
Aud knyazlığını özlərinə tabe etdilər. Beləliklə,
Hindistanın işğalı tamamilə başa çatdırıldı.
Ali hakimiyyəti və vergi yığımını öz əlinə alan ingilislər
Hindistanda bəzi ənənəvi qaydaları saxladılar. Keçmiş hakimlər
təqaüd formasında ömürlük məvacib almağa başladılar. Ost- Hind
şirkətinin yeni mülklər ələ keçirməsi ingilis hökumətinin bu
şirkətə marağını artırırdı. Hökumətin 1813-1833-cü illərdə qəbul
olunmuş yeni xartiyalarında artıq kompaniyanın
Çin və Hindistanda ticarətdə inhisarçılıq hüquqları yox idi. Bütün
ingilis sahibkarları üçün Hindistana yol açılmışdı.
1857-ci ilin yazında Hindistanda ingilis müstəmləkəçiliyi
əleyhinə Sipahilər üsyanı başladı. Sıravi əsgərlərin yeni
patronların istifadəsindən imtina etməsi üsyana bəhanə oldu. Döyüş
zamanı əsgərlər inək və donuz piyi ilə yağlanmış bağlamanı dişləri
ilə cırmalı idilər. Bu, hind və İslam qaydalarına zidd olduğundan
əsgərlər üsyan qaldırıb moğolların sonuncu nümayəndəsi olan II
Bahadır şahı özlərinə rəhbər seçdilər. Qısa müddət ərzində üsyan
dalğası Qanq vadisinin bir neçə vilayətinə yayıldı.