ABŞ
ABŞ-nin Birinci dünya müharibəsində iştirak etməsi onun Beynəlxalq
aləmdə rolunu artırdı və dünya dövləti kimi tanınmasına gətirib
çıxardı. Müharibə dövründə ABŞ Avropa dövlətlərinə hərbi və ərzaq
məhsulları ixrac etməklə sənaye sahələrini inkişaf etdirdi. Bu
dövrdə onun ərazisində hərbi əməliyyatların getməməsi ölkənin
inkişafına müsbət təsir göstərdi. Artıq 1920-ci ildə dünyada
avtomobil, neft və polad istehsalının böyük hissəsi ABŞ-nin payına
düşürdü. Bütün bunlar ölkə əhalisinin milli gəlirinin xeyli
artmasına səbəb oldu.
Birinci dünya müharibəsindən sonra ABŞ kapital ixracını artırsa
da, XX yüzilliyin ortalarına qədər bu sahədə Böyük Britaniyanı
üstələyə bilmədi.
Müharibədən sonra ABŞ-də siyasi narazılıqlar da kifayət qədər
yüksək idi. Vudro Vilsonun Paris sülh konfransında ABŞ-nin
üstünlüyünü təmin etməyi bacarmaması ona və partiyasına qarşı
etirazları daha da artırdı.
Birinci dünya müharibəsinin ABŞ üçün nəticələrini
araşdırın.
Vilson özünün və partiyasının nüfuzunu yenidən yüksəltmək üçün
konstitusiyaya mühüm düzəlişlər edilməsini təklif etdi.
Düzəlişlərdən biri qadınlara seçki hüququnun verilməsi və onların
bərabərhüquqlu vətəndaşlar hesab edilməsi idi. Bu təklif ölkə
əhalisinin böyük əksəriyyətini təşkil edən protestantların kütləvi
narazılığına səbəb oldu. Digər düzəliş isə spirtli içkilərin
istehsalı və istehlakının qadağan edilməsi idi. Prezidentin
vetosuna baxmayaraq, bu qanun qəbul edildi. Lakin bu, qara bazarın
genişlənməsinə və çirkli pulların işə düşməsinə səbəb oldu.
Qadınlara seçki hüququnun verilməsi və onların bərabərhüquqlu
vətəndaş hesab edilməsi ilk dəfə hansı ölkədə tətbiq olunmuşdur?