Yağışlı bir gün idi. Vacib bir işlə bağlı İstanbulun Fatih səmtində Süleymaniyə camisinin ətrafında bir ünvana getməli idim. Orda mənə deyilən bir adamla görüşüb ondan bəzi məsləhətlər alacaqdım. 1 Hər zaman izdiham və səs-küylü olan İstanbul həyatını dayanmadan yağan yağış daha da çətinləşdirmişdi. Daşıdığım çantaların ağırlığından əlimdəki çətiri başımın üzərində çətinliklə saxlayırdım. Müvazinətimi itirdikcə gah sağ tərəfim, gah da sol tərəfim yavaş-yavaş islanırdı. Ayaqlarımın hələ avtobus dayanacağına qədər gəldiyim yolda islandığını hiss etmişdim. Geri qayıdıb yenidən paltarlarımı dəyişəcək nə vaxtım yox idi, nə də həvəsim. Dayanacaqda beş-altı dəqiqə dayandıqdan sonra gözlədiyim avtobus gəldi. Avtobusa minib pencəyimin yan cibindən üzərinə gedəcəyim ünvan yazılmış kağız parçasını çıxartdım. Ünvanı çətinliklə oxuyub sürücüyə ora çatdıqda mənə xəbər verməyini xahiş etdim. O da mənim buralarda əcnəbi olduğumu hiss edib razılıq ifadəsi olaraq başını yellədi. Bir neçə dayanacaqdan sonra ağsaqqal sürücü gedəcəyim ünvana çatdığımı söyləyib qarşıdakı əzəmətli məscidi göstərərək dəqiq ünvanı tərif etdi. Axtardığım ünvana gəlib çatdığım zaman görüşəcəyim adamın nömrəsinə zəng edib dediyi vaxtda görüşəcəyimiz yerdə olduğumu bildirmək istədim. Bir neçə dəqiqədən sonra həmin adamdan “bu gün çox önəmli bir toplantım var, sizə heç cür vaxt ayıra bilməyəcəyəm” deyə bir mesaj gəldi. Hərçənd ki, biz bu görüşün vaxtını iki gün qabaqcadan dəqiqləşdirmişdik. Yağış get-gedə güclənirdi. Küçədə hər kəs bir tərəfə qaçır, maşın təkərlərinin altından çıxan palçıqlı