MƏRSİYƏ
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı, millətimi gülləbaran eylədilər!
Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eyləyir, gözdən axır sel bu səhər.
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı, millətimi gülləbaran eylədilər!
Öz Qızıl ordumuzun Yurdumuza qəsdinə bax,
Üstümə tank yeridən fitnəkarın şəstinə bax,
Gözü qanımla xumar düşmənimin məstinə bax,
Qara bayraqlarımın cərgəsinə, dəstinə bax,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı, millətimi gülləbaran eylədilər!
Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız;
Ölmədi! Şanlı şəhid oldu neçə yüzlərimiz,
Bu saat Kərbübəla düzləridir düzlərimiz;
Necə qan ağlamasın üzlərimiz-gözlərimiz?!
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı, millətimi gülləbaran eylədilər!
Hər qızılgüllü məzar - sinəmizin dağı, məzar!
Əyilir üstünə göy qübbəsinin tağı, məzar!
Hər məzar qanlı beşik - laylaları ağı, məzar!
Dayanıb kam alacaq bizdən hələ yağı, məzar!
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı, millətimi gülləbaran eylədilər!
Ey Vətən oğlu, Vətən övladı, sil göz yaşını!
Qan haçan yerdə qalıb, tazələ öz yaddaşını!
Çox görüb, Qabil, Azərbaycanım işğal qoşunu,
Görməyib ancaq hələ böylə cinayət işini...
Yazmışıq təqvimə qan ilə bu yanvar qışını,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı, millətimi gülləbaran eylədilər.
Qabil