4.2
İQTİSADI İNKİŞAF YOLLARI
Hər bir ölkənin iqtisadiyyatı mürəkkəb sistem olub sənaye, kənd təsərrüfatı
və xidmət sahələrindən ibarətdir. Bu sahələr beynəlxalq əmək
bölgüsünün coğrafiyası ilə müəyyən olunur ki, bu da ölkələrin hər
hansı bir məhsul istehsalına görə ixtisaslaşmasını ifadə edir.
•
TƏDQİQAT İŞİ •
Mətni təhlil edin.
- ABŞ-da cəmiyyətin iqtisadi inkişafında dövlətin rolu əhəmiyyətli
dərəcədə azdır. Bu, ABŞ-ın tarixən formalaşması ilə əlaqədardır.
Ölkəyə gələn ilk mühacirlər Avropada qanun və dini təqiblərdən
qaçan, azadlıqsevər insanlar idi. ABŞ-ın hazırkı azad bazar iqtisadiyyatı
da məhz bu prinsiplər əsasında qurulmuşdur.
- Qərbi Avropada iqtisadiyyatın formalaşmasına monarxiya quruluşuna
xas prinsiplər təsir etmişdir. Ölkələrin iqtisadi və sosial
həyatında dövlətlərin rolu yüksəkdir. Region ölkələrinin yüksək
inkişafına inteqrasiya əlaqələrinin daha sıx və əmək intizamının
ciddiliyi səbəb olmuşdur.
- Yaponiya iqtisadiyyatının formalaşmasına ölkənin adada yerləşməsi
və digər dövlətlərdən təcrid olması təsir etmişdir. Bu
prinsip ölkə iqtisadiyyatının idxal və ixrac əməliyyatlarının üzərində
qurulmasına səbəb olmuş, nəticədə iri sənaye müəssisələrinin
liman şəhərlərdə formalaşmasına gətirib çıxarmışdır.
Müzakirə edin və nəticə çıxarın:
- ABŞ, Qərbi Avropa və Yaponiyanın müasir iqtisadiyyatının formalaşmasına
hansı amillər təsir göstərmişdir?
Beynəlxalq aləmdə hər bir ölkə ixtisaslaşdığı sahələrin məhsulları ilə dünya
bazarına çıxır. Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ neft, Yaponiya maşınqayırma
və elektrik avadanlıqları, Kanada və Argentina taxılçılıq, Avstraliya və Yeni
Zelandiya heyvandarlıq məhsulları, Fransa və İspaniya isə beynəlxalq turizm üzrə
ixtisaslaşıb. Beynəlxalq ixtisaslaşmanın dərinləşməsi bir sıra ölkələrin təsərrüfatında
qarşılıqlı və sıx əlaqələrin yaranmasına və dünya ölkələri arasında iqtisadi münasibətlərin
güclənməsinə gətirib çıxarmışdır.
Beynəlxalq iqtisadi münasibətlərin əsas formalarından biri olan beynəlxalq
ticarətdə hazır məhsulun ixracı xammalı üstələyir, eyni zamanda İEOÖ-lərin ticarət
dövriyyəsində payı artır. Kapital ixracı (maliyyə-kredit münasibətləri)
ölkələrarası
investisiya qoyuluşlarının artmasına (İEÖ-lərdən İEOÖ-lərə), kompensasiya
sazişi
(ödəmə) iri xarici şirkətlərin ölkələrə kreditlər verməsinə, İEÖ-lər arasında elmi-texniki
əməkdaşlığın daha da güclənməsinə səbəb olur. Son illərdə “görünməz
ixracat ”, yəni müxtəlif növ xidmətlərin göstərilməsi, işçi qüvvəsinin
miqrasiyası, beynəlxalq turizm və s. formaların beynəlxalq iqtisadi
münasibətlərdəki rolu daha da artmışdır.