Dünya əhalisi gəlirlərini müxtəlif sahələrə xərcləyir. Bu, ilk növbədə, onların məskunlaşdığı təbii şəraitdən, şəhər və ya kənd yaşayış məntəqələrində yaşamasından, əhalinin adət-ənənələrindən asılıdır. Əksər xalqlar bayram və mərasimlərin keçirilməsinə xeyli vəsait sərf edirlər. Təbii şəraitin sərt olduğu ərazilərdə əhalinin gəlirlərinin xeyli hissəsi qalın geyimlərə, mənzillərin qızdırılmasına və s. xərclənilir.
Əhalinin xərcləri onların gəlirlərindən asılıdır. Adambaşına düşən gəlirlər isə həyat səviyyəsini əks etdirir. Əhalinin həyat səviyyəsini göstərən amillərdən biri istehlak səbətidir.
İstehlak səbəti - il ərzində orta hesabla insanın sağlamlığı və həyat fəaliyyəti üçün minimum ehtiyacların toplusudur. Bu, insanların həyat fəaliyyəti üçün tələb olunan minimal mal və xidmətlərin cəmidir.
İstehlak səbətinin tərkibinə daxil olan məhsulların sayı hər bir ölkədə fərqlidir. Bu rəqəm Fransada 250, ABŞ-da 300, İngiltərədə 350, Almaniyada 475, İtaliyada 530 bərabərdir.
Əhalinin istehlak səbətinə daxil olan məhsul və xidmət ehtiyaclarının ödənilməsi səviyyəsi onların gəlirlərindən və alıcılıq qabiliyyətindən asılıdır. Məhsulların qiymətlərinin dəyişməsi, pul şəklində olan əməkhaqqının artması və ya azalması istehlak səbətinə təsir edir.