Dünya bazarında hər bir ölkə özünün milli təsərrüfatı ilə dünya təsərrüfatının formalaşmasında iştirak edir. Dünya bazarına səmərəli şəkildə inteqrasiya olunması isə ölkələrin iqtisadi inkişafına qarşılıqlı təsir göstərir.
İnteqrasiya ölkələrarası maliyyə münasibətlərinin də sıx şəkildə inkişafına səmərəli təsir göstərir və beynəlxalq maliyyə mərkəzlərinin yaranmasına səbəb olur.
Beynəlxalq maliyyə mərkəzləri (BMM) - maliyyə əməliyyatlarının (kreditlərin verilməsi, valyuta mübadiləsi, qiymətli kağızlar və qızıl sövdələşmələri və s.) həyata keçirildiyi bankların vahid mərkəzdə cəmlənməsidir.
BMM-in sayı çox deyildir. İlk maliyyə mərkəzi Böyük Britaniyanın London şəhərində yaradılmışdır. Hazırda dünyada həyata keçirilən maliyyə əməliyyatlarının əksər hissəsi London, Nyu-York, Sinqapur, Honkonq və Tokio BMM-ləri tərəfindən həyata keçirilir.
Maliyyə mərkəzləri yalnız inkişaf etmiş ölkələrin ərazisində deyil, eyni zamanda Çin, Hindistan, Braziliya, Küveyt və digər inkişaf etməkdə olan ölkələrdə də mövcuddur. Bu mərkəzlərin fəaliyyətini qiymətləndirmək üçün xüsusi reytinq cədvəli müəyyən edilmişdir.
Reytinq cədvəli (ing. "reytinq" - obyektin əhəmiyyətini və ya nüfuzunu göstərən say göstəricisi) - 1 il ərzində BMM-in fəalliyyətinin iqtisadi göstəriciləri əsasında tərtib edilir.