Sənaye sahələri | Mərkəzlər |
... | ... |
Təsərrüfatın yerləşməsinə müxtəlif amillər təsir edir. Onlardan biri təbii şəraitdir. Təbii şəraitin amillərindən biri relyefdir. Xəritələrdə xətti işarələrlə yolların təsviri və yaşayış məntəqələrinin yerləşməsi və ya sıxlığı ərazinin relyefi haqqında məlumat əldə etməyə imkan verir. Yüksək dağlıq ərazilərdə əhalinin məskunlaşması zəifdir, əsas nəqliyyat magistralları düzənlik ərazilərdən keçir və s.
Təbii ehtiyatlar sənayenin yerləşməsinə təsir göstərən amillərdəndir. Metallurgiya, neft hasilatı, neft-kimya, mineral sudoldurma və s. müəssisələr, əsasən, təbii ehtiyatlara yaxın ərazilərdə yerləşdirilir.
Ərazinin iqlim xüsusiyyətləri, ilk növbədə, kənd təsərrüfatına təsir göstərir. Kənd təsərrüfatının müxtəlifliyi tematik xəritələrdə areal üsulu ilə verilir. Pambıq, taxıl, üzüm, tərəvəz əkin sahələri, sitrus meyvə bağları və s. müxtəlif rənglərlə təsvir olunur. Kənd təsərrüfatı və sənaye xəritələrinin müqayisəsi digər bir qanunauyğunluğu üzə çıxarır. İlkin emal müəssisələri (pambıqtəmizləmə, meyvə-konserv sənayesi, şəkər istehsalı və s.) xammal mənbələrinə yaxın ərazilərdə yerləşdirilir. Aqrar-sənaye komplekslərinin (ASK) olduğu mərkəzlər kənd təsərrüfatı rayonlarında yerləşir.
Digər sahələrin yerləşməsindəki qanunauyğunluqları da tematik xəritələrə əsasən müəyyən etmək mümkündür; məsələn, sənaye xəritələrində ağac emalı və sellüloz-kağız istehsalı mərkəzləri də, adətən, meşə massivlərinin mövcudluğu barədə məlumat verir.
Su hövzələrinin (çay, göl, dəniz və s.) sahillərində olan məntəqələr, adətən, liman rolunu oynayır. Balıq-konserv müəssisələri çox zaman sahildəki məntəqələrdə yerləşir. Elektrik enerjisinin istehsal olunduğu SES-lər dağ çayları üzərində olduğuna görə onlara yaxın enerji mərkəzləri formalaşır. Ucuz enerji mərkəzlərinə yaxın ərazilərdə isə enerji tutumlu istehsal sahələri (məsələn: alüminium istehsalı) yerləşdirilir.
Sənaye xəritələrinin digər xəritələrlə (nəqliyyat, əhali sıxlığı və s.) müqayisəli təhlili təsərrüfatın yerləşməsində digər coğrafi qanunauyğunluqların da müəyyən edilməsinə imkan verir. Məsələn, xəritədə sənaye mərkəzlərinin yaxın yerləşməsi bu ərazidə şəhərlərin sayının çox və əhali sıxlığının yüksək, nəqliyyat şəbəkəsinin sıx olmasını ifadə edir.