Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Xalqımız tarixi torpaqlarımızda zəngin mədəniyyət, dövlətçilik və hərb ənənələri yaratmışdır. Bu ərazilərdə Manna, Midiya, Atropatena, Albaniya və digər qüdrətli dövlətlər mövcud olmuşdur. Onlar Azərbaycanın dövlət idarəçiliyi ənənələrinin formalaşmasında, iqtisadi-mədəni inkişafında və xalqımızın təşəkkülü prosesində mühüm rol oynamışdır.
Herodot “Tarix” əsərində Midiya hökmdarı Kiaksarın (e.ə. 625–585) hərbi islahatlar həyata keçirərək ordunu nizəçi, oxçu dəstələrinə böldüyünü, süvarilər dəstəsini piyadalardan ayırdığını, bununla da ordunu yenidən qurduğunu yazırdı. Görkəmli tarixçi, etnoqraf, professor Qiyasəddin Qeybullayev “Azərbaycanın toponimiyası” əsərində Kiaksarı “ilk böyük türk” adlandırmışdır.
Orta əsrlərdə Şirvanşahlar, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərində dövlətçilik ənənələri və ordu quruculuğu inkişaf etmişdir.
XV əsrin sonu – XVI əsrin əvvəllərində isə Azərbaycanın bütün tarixi torpaqları birləşdirilərək qüdrətli Səfəvilər dövləti yaradılmış, ana dilimiz dövlət dili səviyyəsinə qaldırılmış, dövlət işlərində və orduda, qismən də diplomatik yazışmalarda işlədilmişdir.
Səfəvilər dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli sərkərdə Nadir şah 1739-cu ildə həmin imperatorluğun sərhədlərini, Dehli də daxil olmaqla, Şimali Hindistana qədər genişləndirmişdir.