Tankların döyüşdə tətbiqi taktikasının inkişafında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Əhəd oğlu Aslanovun böyük rolu olmuşdur. Onun kəşf etdiyi “Cinah taktikası” bu gün də aparıcı ölkələrin hərbi məktəblərində öyrənilməkdədir.
Tankların konstruktiv və döyüş tətbiqi taktikası ilə yanaşı, onlarla mübarizə üsulları da inkişaf etmişdir. Lakin ilk mübarizə üsullarından olan tank əleyhinə xəndək, eskarp, əks-eskarp, tank əleyhinə kirpi, müxtəlif qalaqlar və s. bu gün də öz aktuallığını saxlamaqdadır.
Tanklarla müasir mübarizə prinsipləri dünya müharibələri dövründəkindən əsaslı şəkildə fərqlənir. Hazırda “tankların tək-tək məhv edilməsi” əsas üsul hesab olunur.
Hərbçi döyüşdə düşmənin tankları və başqa zirehli maşınları ilə mübarizədə uğur qazanmaq üçün onların güclü və zəif yerlərini yaxşı bilməli, öz silahının döyüş imkanlarını mükəmməl mənimsəyib bacarıqla tətbiq etməlidir.
T-72 tankları motoatıcı bölmələr və zirehli döyüş maşınları ilə birgə, yaxud müstəqil döyüşaparma qabiliyyətinə, yüksək manevr imkanına, yaxşı zirehə malikdir. Bu tankların bəzi modifikasiyaları kumulyativ mərmidən qorumaq üçün bort qalxanları (ekranları) və asma dinamik qoruyucu konteynerləri ilə təchiz edilmişdir.