Yer səthində hərəkətə hazırlıq zamanı və hərəkətdə olarkən aşağıdakı tədbirlər həyata keçirilməli və qaydalara əməl olunmalıdır:
Yol boyu hərəkət zamanı əvvəlcədən xəritə üzrə hərəkət marşrutu və marşrut boyu yolların xarakteristikası, yol boyu qurğular, yol ətrafındakı oriyentirlər, cəhətlərə uyğun olaraq ümumi istiqamət, özünün və düşmənin vəziyyəti öyrənilir.
Bundan sonra marşrut boyu yoxlama məqsədilə əsas oriyentirlər qeyd edilir. Bu halda dağılma təhlükəsi az olan obyektlər: yaşayış məntəqələri, yol kəsişmələri, daşdan tikililər, relyefin xarakterik formaları seçilməlidir. Oriyentirlərin seçilməsi ilə yanaşı, onların arasındakı məsafələr ölçülür və qeyd edilir. Sonra marşrut boyu ümumi məsafə hesablanır. Marşrutun seçilməsində ən vacib işlərdən biri yol kəsişmələrinə diqqət yetirməkdir ki, bu da hərəkət zamanı istiqamətin düzgün seçilməsinə şərait yaradır. Hərəkət zamanı müntəzəm olaraq oriyentirlərin düzgünlüyü – ardıcıllığı yoxlanılır. Meşədə və oriyentiri az olan ərazilərdə vaxtı qeyd etməklə hərəkət sürətinə görə olduğun yeri təyin etmək olar.
Yolsuzluq şəraitində hərəkət edərkən əvvəlcə xəritədə marşrutu qeyd edib əsas döngələri işarələyir və oriyentirləri seçirlər. Bu halda üstünlük düzxətli oriyentirlərə verilir. Məsələn, rabitə xətləri, xəndəklər, meşəkənarı və s. rəngli karandaşla marşrut cızılır və oriyentirlər qeyd edilir. Oriyentirlərin az olduğu, görünmənin məhdud olduğu sahələrdə azimutla hərəkət etmək olar. Hərəkət zamanı oriyentirlər tez-tez yer səthi ilə tutuşdurulur. Xəritə daima göz önündə olmalıdır.
Meşədə hərəkət edərkən kompasdan istifadə edilir, yəni azimutlar üzrə hərəkət xəritə üzərində hazırlanır. Bu zaman meşə yolları, talalar, relyefin xarakterik formaları, göllər və s. istifadə oluna bilər. Hərəkət zamanı ölçmə işləri aparılır və məsafələr qeyd edilir.
Gecə zamanı hərəkət edərkən oriyentirlər bir-birinə yaxın məsafədə seçilir və yaxşı görünməlidir, yəni qaranlıqda onları seçmək mümkün olmalıdır (xırda təpələr seçilməlidir). Gecə zamanı hərəkətdə, yolsuzluq şəraitində, adətən, azimutlarla hərəkət edilir. Oriyentir kimi göy cisimləri (ay, ulduzlar) müşahidə olunur. Düşmənin işığı görməməsi şərtilə xəritə fənər və ya kibritlə işıqlandırılır.