Gözlənilən, yaxud baş vermiş təbii fəlakət və hadisələrin miqyası, yayılma sürəti nəzərə alınmaqla xəbər verməyin qaydası müəyyən edilir. Bütün hallarda təhlükə barədə xəbərdarlığın əsas üsulu yerli radio, televiziya və internet vasitəsilə məlumat verilməsidir.
İnsanların diqqətini tez cəlb etmək, həmçinin onların radio və televizorları dərhal işə salmasına nail olmaq üçün fövqəladə hallarda sirenalardan, müəssisələrin, nəqliyyat vasitələrinin fit səslərindən istifadə olunmaqla səs siqnalları verilir. Belə siqnal “Diqqət! Diqqət!” siqnalıdır. Bu siqnalı eşidərkən dərhal internet, radio və ya televizor vasitəsilə hadisə ilə bağlı verilən məlumatları bilmək lazımdır. Təhlükə haqqında xəbərlərlə birlikdə (təhlükənin növü, yeri, miqyası və s.) əhalinin düzgün davranışına dair qısa, konkret məsləhət və vaxtaşırı vəziyyətlə bağlı göstərişlər də veriləcəkdir.