6. ÜMUMQOŞUN DÖYÜŞÜ
Ümumqoşun bölmələrinin müharibələrdə və silahlı münaqişələrdə yerinə yetirdikləri
tapşırıqlar onların taktiki fəaliyyəti ilə həyata keçirilir.
Ümumqoşun bölmələrinin taktiki fəaliyyətləri dedikdə nə başa düşürsünüz?
Taktiki fəaliyyətin əsas forması döyüşdür.
Döyüş qısa vaxt ərzində düşməni məhv etmək, onun zərbələrini dəf etmək
və digər tapşırıqları yerinə yetirmək üçün bölmələrin tapşırıq, yer və zamana
görə razılaşdırılmış zərbə, atəş və manevridir.
Zərbə
düşmənə əldə olan bütün vasitələrlə eyni zamanda zərər vurmaqdır.
Zərbə qoşunlarla və atəşlə endirilir. Atəş zərbələri, öz növbəsində,
raket, aviasiya və artilleriya zərbələri ola bilər.
Atəş
müxtəlif növ silahlardan düşmənə zərər vurulmasıdır. O, düşməni
məhvetmə, susdurma, taqətdənsalma və ya obyektlərini dağıtma
məqsədilə aparılır. Atəş ümumqoşun döyüşündə düşmənin məhv
edilməsinin əsas üsuludur.
Manevr
döyüşə hazırlıq vaxtı və onun gedişində qoşunların mütəşəkkil
şəkildə yerdəyişməsi, zərbə və atəşin köçürülməsi və ya yenidən
istiqamətləndirilməsidir (cəmləşdirilməsi, bölüşdürülməsi). Manevrlər
qoşunlarla (bölmələrlə), zərbə və atəşlə ola bilər.
Bölmələrlə manevr düşmənə nəzərən daha əlverişli vəziyyətin tutulması və
bölmələrin zərbə altından çıxarılması məqsədilə həyata keçirilir.