Əziz gənclər! Bilirsiniz ki, Çağırışaqədərki hazırlıq fənninin tədrisi prosesində şagirdlərdən manqa və taqım komandirləri təyin olunub. Keçən tədris ili ərzində, xüsusən də hərbi idman bayramı zamanı onların fəaliyyəti ilə tanış oldunuz. Dərslərin gedişində ən kiçik bölmə olan manqanın quruluşunu və döyüş imkanını öyrəndiniz. Bu il isə manqadan bir pillə yuxarı bölmə olan taqımın quruluşunu öyrənəcəksiniz.
Motoatıcı taqım idarəetmə və atəş dəstəyi qrupundan və üç motoatıcı manqadan ibarətdir. Motoatıcı manqanın quruluşunu 10-cu sinifdə öyrəndiyiniz üçün bu dərslərdə idarəetmə və atəşlə dəstək qrupunun quruluşunu öyrənsəniz, artıq taqım haqqında da məlumat əldə edəcəksiniz.
İdarəetmə və atəşlə dəstək qrupunun tərkibinə taqım komandiri, taqım komandirinin müavini, snayper, bilavasitə taqım komandirinə tabe olan atəş vasitələri və əmrə verilmiş bölmələr daxildir. Bu qrup düşmənin canlı qüvvəsini, yüngül zirehli və zirehsiz texnikalarını məhv edir, həmçinin başqa döyüş tapşırıqlarını yerinə yetirir.