2.2
ELEKTRON CƏDVƏL PROQRAMINDA MODELLƏŞDİRMƏ
• Bu simgələr hansı tətbiqi
proqramlara aiddir?
• Elektron cədvəllərlə
işləmək üçün nəzərdə tutulmuş tətbiqi proqramlar necə adlanır?
FƏALİYYƏT
Excel proqramında
y= cosbx funksiyasının
qrafikini qurun. Arqumentin qiymətləri [-10;10] aralığında dəyişir,
b dəyişəninə 1, 3, 5 qiymətlərini verməklə funksiyanın qrafikinin
necə dəyişdiyini izləyin.
- Funksiyanın qrafiki
b parametrinin qiymətindən
asılı olaraq necə dəyişir?
- Bu qrafiki saat rəqqasının rəqsinin modeli hesab etmək olarmı?
Açar
sözlər
• Modelləşdirmə obyekti
• Elektron cədvəl
prosessoru
• Maltus qanunu
Riyazi modeli yaradılan gerçək sistemə
modelləşdirmə obyekti
deyilir. Riyazi modelləşdirmənin obyektləri bəzi qurğular
(məsələn: körpü və ya gəmi), təbii obyektlər (məsələn: faydalı
qazıntılar yatağı, su anbarı),
eləcə də zamana görə dəyişən proses və hadisələr (məsələn: raketin
kosmodromdan havaya qalxması, müəyyən coğrafi nöqtədə hava
şəraitinin dəyişməsi) ola bilər.
Bu obyekt və proseslər ilə bağlı bir çox məsələlər insanlar üçün həyati önəm daşıya
bilər; məsələn: raket hansı yüksəklikdə birinci kosmik sürətə çatacaq və Yerin peyk
orbitinə çıxacaq, onun örtüyü hansı temperatur həddinədək qızacaq? Körpünün
dağılmaması üçün onun maksimal yüklənməsi nə qədər ola bilər? Meteoroloqların
proqnozlaşdırdığı hava şəraitlərində su anbarında suyun səviyyəsi nə qədər olacaq?
Riyazi modelləri kompüterdə gerçəkləşdirmək üçün istifadəyə yararlı tətbiqi
proqram vasitələrindən biri elektron cədvəl prosessorlarıdır. Çox zaman elektron
cədvəllərdən kargüzarlıq və mühasibatlıq sahəsində haqq-hesab cədvəllərinin, müxtəlif siyahıların, arayışların alınması üçün istifadə olunur. Ancaq elektron cədvəllər
elmi məqsədlər üçün də faydalı ola bilər. Onların köməyi ilə kompüterdə riyazi
modellər qurmaq və hesablama eksperimentləri aparmaq mümkündür.
Nümunə
Alimlərin gəldiyi nəticələrə görə, canlı orqanizmlərdən hər hansı birinin doğum
sayı hesabına çoxalması onların miqdarı ilə, ölüm sayı hesabına azalma isə onların
miqdarının kvadratı ilə düz mütənasibdir. Bu əlaqə Maltus qanunu adı ilə məşhurdur.